Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və I rübdə ABŞ dollarında aktivlərinin xüsusi çəkisi 66%-dək artıb. Bu barədə fondun məlumatında deyilir.
“2020-ci il martın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $41 milyard 349,5 milyon təşkil edib, bunun $10,4 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $41 milyard 339,1 milyona bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 66% ABŞ dolları (2019-cu ilin yekunları üzrə 56,6%), 22,9% avro (2019-cu ilin sonuna 31,4%), 4,8% funt sterlinq (2019-cu ilin sonuna 5,1%), 0,5% Avstraliya dolları (2019-cu ilin sonuna 0,6%), 0,8% türk lirəsi (2019-cu ilin sonuna 0,8%), 0,5% rus rublu (2019-cu ilin sonuna 0,5%), 0,5% Cənubi Koreya vonu (2019-cu ilin sonuna 0,5%), 1,2% Çin yuanı (2019-cu ilin sonuna 1,2%), 1,5% yapon yeni (2019-cu ilin sonuna 1,5%), 1,3% digər valyutalarda (2019-cu ilin sonuna 1,5%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 33,16%-i Avropa ölkələrində (2019-cu ilin sonuna 33,8%), 27,22%-i Şimali Amerika ölkələrində (2019-cu ilin sonuna 24,91%), 33,06%-i Asiya-Sakit okean regionu ölkələrində (2019-cu ilin sonuna 33,76%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 68,7%-i istiqrazlarda və pul bazarı alətlərində (2019-cu ilin sonuna 68,7%), 12,4%-i səhmlərdə (2019-cu ilin sonuna 14,1%), 6,1%-i daşınmaz əmlakda (2019-cu ilin sonuna 5,8%), 12,8%-i qızılda (2019-cu ilin sonuna 11,4%) yerləşdirilib ki, bu da 101,6 tona bərabərdir (2019-cu ilin sonuna 101,2 ton).
Fondun məlumatına görə, ARDNF-in vəsaitlərinin 89,2%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova