Azərbaycan 2020-ci ilin I rübündə 41 min 287,1 ton azot gübrəsi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan $5 milyon 900,94 min məbləğində 41 min 287,1 ton azot gübrəsi ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində gübrələrin payı 0,14%, qeyri-neft ixracının strukturunda 1,38% təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin I rübündə Azərbaycan $19 milyon 829,88 min dəyərində 141 min 941,59 ton kimya məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən miqdar ifadəsində 88,1%, dəyər ifadəsində 12,5% çoxdur.
2019-cu ildə Azərbaycandan $18 milyon 340,03 min dəyərində 114 min 350,29 ton azot gübrəsi (sidik cövhəri və ammonium sulfat) ixrac edilib.
Azərbaycanda azot gübrələri 2019-cu il yanvarın 16-da istismara verilmiş SOCAR Karbamid Zavodunda istehsal edilir. 2019-cu ilin iyun ayında müəssisə azot gübrələrinin ixracına başlayıb.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, illik 500 min tonadək hazır məhsul ixraca göndəriləcək. Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.*
N.Abbasova