Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") hökumətə təkliflər paketi təqdim edib. Bu barədə “AmCham”ın məlumatında deyilir.
Palata tərəfindən iki yeni mövqe sənədi hazırlanıb ki, bu sənədlər müvafiq olaraq dövlət satınalmaları və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri əhatə edir.
“Birinci istiqamət üzrə təkliflər satınalma prosesinin iştirakçılarının sərbəst şəkildə müsabiqələrdə iştirakının təmin edilməsi, qanunvericiliklə müəyyən edilən məhdudiyyət və müddətlərin yenidən işlənməsi, tenderin qiymətləndirilməsi prosesində çatışmazlıqların aradan qaldırılması, cari qanunvericilikdə olan ziddiyyətlərin aradan qaldırılması və dəqiqləşdirmələrin aparılması məsələlərini əhatə edir”, - deyə məlumatda bildirilir.
Fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində isə Avropa İttifaqının (Aİ) Ümumi Məlumatın Mühafizəsi Qaydalarının Azərbaycanda tətbiq edilməsinə dair təkliflər yer alıb.
“Azərbaycanda belə mühafizə sisteminin tətbiqi ölkənin Aİ ölkələri ilə ticarət əlaqələrinə malik olan kommersiya sektoru üçün vacibdir”, - deyə məlumatda qeyd olunur.
1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpünün yaradılmasıdır.*
Ə.Məmmədov