Prezident İlham Əliyev bu gün pravoslav xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Təbrikin mətni dövlət başçısının saytında dərc olunub.
Prezident təbrik məktubunda qeyd edib ki, Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşayırlar.
“Dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır”, - deyə İ.Əliyev vurğulayıb.
O, ümidvar olduğunu bildirib ki, koronavirus pandemiyası şəraitində həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.
“Yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.*
X.Nəsirzadə