Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin vaxtının uzadılmasını zəruri hesab edir.
“Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika dayanıqlı olmalıdır”, - deyə dövlət başçısı bu gün bildirib.
Onun sözlərinə görə, pandemiya davam edir, Azərbaycanda vəziyyət nəzarət altında olsa da, “biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik”.
“İnsanların sağlamlığı və sosial məsələlər bizim üçün prioritet təşkil edir. Bu şəraitdə iqtisadi sahəyə daha çox diqqət verməliyik”, - deyə prezident qeyd edib.
O vurğulayıb ki, hazırda daxili yoluxma prosesi gedir. “Sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son günlərdə dinamika müsbətdir, sağalanların sayı yoluxanların sayından çoxdur. Buna vaxtında görülmüş qabaqlayıcı tədbirlər sayəsində nail olunub. Buna görə bizdə yoluxanların sayı cəmi 1000 nəfərdən çoxdur, lakin bu rəqəm 10 min, hətta 20 min də ola bilərdi. Məqsədimiz daha çox insanın yoluxmasının qarşısını almaq olub”, - dövlət başçısı qeyd edib.
İ.Əliyev əlavə edib ki, hökumət vəziyyəti nəzarətdə saxlamağa, dinamikaya nəzarət etməyə və müvafiq tədbirlər görməyə davam edəcək.*
A.Əzizov