Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dövlətdən birdəfəlik maliyyə yardımı alacaq işsiz şəxslərin sayının 3 dəfə - 600 min nəfərədək artırılmasını tapşırıb.
"Biz planlaşdırmışdıq ki, aprel-may aylarında 200 min işsiz şəxs 190 manat məbləğində birdəfəlik maliyyə yardımı alacaq. Lakin hesab edirəm ki, biz bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırmalıyıq”, - deyə o, bu gün bildirib.
Dövlət başçısının sözlərinə görə, bu yardımı aztəminatlı təbəqənin nümayəndələri, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlar almalıdır.
İ.Əliyev, həmçinin ödənişli ictimai işlərə cəlb olunacaq işsiz şəxslərin sayının artırılmasını tapşırıb. “Biz ilin əvvəlində 37 min belə iş yerinin açılmasını nəzərdə tuturduq. Lakin koronavirus pandemiyası ilə əlaqədar bu rəqəmə düzəliş etdik və planı 50 min iş yerinədək artırdıq. Hesab edirəm ki, cari ilin sonunadək ümumilikdə 90 min yeni ödənişli ictimai iş yeri açıla bilər və işsiz şəxslər bu iş yerləri ilə təmin olunacaqlar”, - deyə dövlət başçısı qeyd edib.
O, əmək və əhalinin sosial müdafiəsi nazirinə həmin tapşırıqların yerinə yetirilməsini tapşırıb.*
X.Nəsirzadə