Hazırda Azərbaycanda 7 DOST mərkəzinin tikilməsi üzərində iş aparılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Onların dördünün bu il açılması nəzərdə tutulurdu və biri artıq hazırdır. Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzidir. Biz onu açılış üçün tam şəkildə hazırlamışıq, xüsusi karantin rejimi bitən kimi fəaliyyətə başlayacaq. Həmin mərkəzimiz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək”, – deyə o, bu gün prezident İlham Əliyevin iştirakı ilə videobağlantı formatında keçirilmiş iclasda bildirib.
Nazirin sözlərinə görə, digər DOST mərkəzləri Sumqayıt şəhərində, Abşeron, Bərdə, Quba və Şəki rayonlarında planlaşdırılır. Onların da hər birinin üzərində müvafiq işlər aparılır.
S.Babayev, həmçinin qeyd edib ki, cari ilin sonunadək 1,5 min məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi planlaşdırılır. Bununla da növbədə olan şəxslərdən cəmi 1,5 min nəfər qalacaq.
“Yəqin ki, biz 1-2 ilə bu məsələni də həll edə bilərik. Beləliklə, bu kateqoriyadan olan bütün insanlara dövlət tərəfindən mənzillərin verilməsi proqramı başa çata bilər”, - deyə prezident İ.Əliyev öz növbəsində bildirib.*
X.Nəsirzadə