Koronavirus (COVID-9) infeksiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Ölkə üzrə sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb. Bu baxımdan xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib”, - deyə məlumatda bildirilir.
Həmçinin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır.
Məlumatda qeyd olunur ki, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq.
Eyni zamanda, uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil.
COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
Hazırkı dövrədək Azərbaycanda 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.*
X.Nəsirzadə, A.Əzizov