“SOCAR Petroleum” QSC (SOCAR-ın “törəməsi”) Azərbaycanda “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 33-ə çatdırdı. Bu barədə “SOCAR Petroleum” şirkətindən məlumat verilib.
“Bazar günü Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr, 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında "SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib”, - şirkət qeyd edir.
Yeni YDM-də “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 12 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
QSC-nin bir ədəd sıxılmış təbii qaz doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM) var.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir. **
N.Abbasova