Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $38,8 milyon satıb.
“Hərracda tələb $38,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Aprelin 16-da keçirilmiş hərracda banklara $53 milyon məbləğində xarici valyuta satılıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $2 milyard 771,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 78,6% - İF), mart ayında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF-dən bildirilib ki, fond bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
Ə.Məmmədov