Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan danışıqları yaxın zamanlarda davam etdirməyi razılaşdırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Məmmədyarov və Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü baş tutub. Danışıqlar bir saat yarımdan çox davam edib və tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar. Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir”, - deyə məlumatda bildirilir.
Tərəflərin 2020-ci ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib.
“Tərəflər koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığını qeyd ediblər. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb. Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov