Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində substantiv danışıqların intensivləşdirilməsini tələb edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü baş tutub. Danışıqlar bir saat yarımdan çox davam edib və tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.*
Ə.Məmmədov