Ermənistan-Azərbaycan münaqişəsi mərhələli şəkildə həll edilməlidir, Ermənistan açıqlamaları ilə danışıqlar prosesini pozur.Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Dünən Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan bəyan edib ki, Qarabağ məsələsinin Azərbaycan ərazilərinin azad edilməsini nəzərdə tutan həlli İrəvan üçün qəbuledilməzdir.
“Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir”, – Hacıyev “AzərTAC” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunub.
Hacıyev qeyd edib ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışıb.
“Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar”, - Hacıyev bəyan edib.
Hacıyev əlavə edib ki, münaqişənin həllinə dair Bakının mövqeyi dəyişmir. “Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır.Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - o bildirib. **
A.Əzizov