Cenk Serdar “NEQSOL Holding”in vitse-prezidenti təyin edilib. Bu barədə holdinqin məlumatında deyilir.
“C.Serdar holdinqin baş direktor müavini, Telekom rəhbəri vəzifəsinə təyin edilib. O, eyni zamanda, holdinqin tərkibinə daxil olan Bakcell və Vodafone Ukrayna telekommunikasiya şirkətlərinin Direktorlar Şurasının üzvü təyin edilib”, - deyə məlumatda bildirilir.
C.Serdar 30-dan çox inkişaf etmiş və inkişafda olan ölkələrin telekommunikasiya sektorlarında qazandığı 20 ildən çox zəngin təcrübəyə malikdir. O, 6 il ərzində Saudi Telecom Group-da və 5 il ərzində fəaliyyəti Avropa, Asiya, Afrika və Orta Şərqin 20-dən çox ölkəsini əhatə edən Vodafone Group-da yüksək rəhbər vəzifələrdə çalışıb. O, həmçinin müxtəlif telekommunikasiya, texnologiya və maliyyə şirkətlərinin Direktorlar Şurasının üzvü vəzifəsində də fəaliyyət göstərib.
“Holdinqimiz davamlı inkişaf edir və fəaliyyətini genişləndirir. “NEQSOL Holding”in baş direktor müavini, Telekom rəhbəri kimi C.Serdar holdinqin telekommunikasiya biznes istiqamətinə rəhbərlik edir. İnanıram ki, onun telekommunikasiya sahəsində dərin bilikləri holdinqimizə dəyərli təcrübə gətirəcəkdir", - deyə “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov qeyd edib.
C.Serdar Wharton məktəbindən MBA dərəcəsinə sahibdir və Fulbright proqramının təqaüdçüsü olub.
“NEQSOL Holding”in əsas fəaliyyət sahələrinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri daxildir. Holdinqin tərkibində olan şirkətlər Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərir. Holdinqin telekommunikasiya şirkətləri mobil rabitə, magistral internet bağlantı və beynəlxalq trafik tranziti, və digər xidmətlər təqdim edir.*
N.Abbasova