Avropa Parlamentinin bir qrup deputatı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş "seçkilər"i qanunsuz hesab edir.
"Biz bu "seçkiləri" qanuni hesab edə və ya tanıya bilmərik. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə təkan vermək üçün əlimizdən gələni etməliyik. Hər bir insan və bu regionun bütün sakinlərinin əksəriyyəti uzun sürən münaqişədən əziyyət çəkir", - deyə Avropa Parlamentinin polşalı deputatı Katarjina Uberxan (Katarzyna Ueberhan) "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Daha əvvəl Avropa İttifaqı bəyanatla çıxış edərək bu "seçkilər"in qanuniliyini tanımadığını bir daha vurğulamışdı.
"Mən Dağlıq Qarabağda seçkilərin keçirildiyi hüquqi əsasların tanınmaması ilə bağlı Avropa İttifaqının rəyinə hörmətlə yanaşıram. Regionda vəziyyət qeyri-sabitdir. Ümumiyyətlə, mən müstəqil yerli qərarları və hüquqi normalara riayət olunmaqla keçirilən referendumları dəstəkləyirəm. Lakin bu halda şərtlər demokratik deyil və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara və uzunmüddətli planlara daha çox xələl gətirə bilər", - deyə Avropa Parlamentinin üzvü Marketa Qreqorova qeyd edib.*
A.Əzizov