“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti bölgələrdə quyuların qazılması işlərinin həyata keçirilməsinə 2 şirkət cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu şirkətlərlə ümumilikdə 5 milyon 715,2 min manat dəyərində müqavilələr bağlanılıb.
«İqbal-R» MMC ilə bağlanmış iki müqavilə Quba rayonunda 10 subartezian quyusunun (dəyəri 420 min manat), Ağdam rayonunda 20, Bərdə rayonunda 23, Tərtər rayonunda 21, Yevlax rayonunda 7, Şamaxı rayonunda 4, Qobustan rayonunda 2, Laçın rayonunda 2 quyunun (dəyəri 360,2 min manat) qazılmasını nəzərdə tutur.
Üçüncü müqavilə «Şəmkir Su Artezian-Nur» şirkəti ilə imzalanıb və Ağcabədi rayonunda 30, Goranboy rayonunda 17, Qazax rayonunda 14, Samux rayonunda 15, Xocavənd rayonunda 2, Gəncədə 2, Göygöl rayonunda 10, Naftalan rayonunda 1, Şəmkir rayonunda 18 subartezian quyusunun qazılmasını nəzərdə tutur. Müqavilənin dəyəri 4 milyon 935 min manatdır.*
X.Nəsirzadə