Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün 2018-ci ildən bəri 10 görüş keçiriblər, danışıqların formatı və gündəliyi dəyişməyib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu gün Yerevan və Bakının 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığı barədə açıqlama verib.
“2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkənin nazirləri, eləcə də 3 ölkənin həmsədrləri, habelə xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!”, - deyə XİN-in bəyanatında bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, Ermənistan XİN-in bu açıqlaması, hətta bu bəyanatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı.
“Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı, 21 aprel tarixində Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə videokonfrans formatında aparılan müzakirələrdə iştirak etməzdi”, - deyə XİN-in bəyanatında vurğulanır.*
X.Nəsirzadə