Azərbaycan prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə cümə günü rəsmi mətbuat məlumat verib.
Dövlət başçısının sərəncamına əsasən, müharibə iştirakçılarına 1,5 min manat məbləğində (cari məzənnə ilə $882-yə yaxın – İF) birdəfəlik maddi yardım veriləcək.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılacaq ($3,5 milyona yaxın).
Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. **
B.Rüstəmbəyov