Prezident İlham Əliyev Azərbaycanda son həftə ərzində COVİD-19 koronavirusun yayılması ilə əlaqədar müsbət dinamikanı qeyd edir, sağalanların sayı yoluxanların sayını ötür.
“Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur”, - Əliyev cümə günü Sumqayıtda bildirib.
Prezidentin sözlərinə görə, bu vəziyyət məhdudlaşdırıcı tədbirlərin nəticəsidir.
Eyni zamanda, Əliyev vurğulayıb ki, mütəxəssislər məhdudlaşdırıcı tədbirlərin nə vaxt müəyyən dərəcədə yumşalda biləcəyini deməlidirlər. “Karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik”, - o qeyd edib.
Prezident bildirib ki, biznes və əhalinin koronavirus infeksiyasından müdafiəsi məqsədilə Azərbaycan hökuməti 3,5 milyard manatdan artıq mənləğdə qiymətləndirilən ($2 milyarddan artıq) tədbirlər paketi reallaşdırır.
“Bu (dəstək) tədbirlərini həyata keçirməyə davam edəcəyik. Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik.Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaq”, - o əlavə edib.
Xəbər verildiyi kimi, mayın 4-dək Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir.
Lakin 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı və gübrə və aqrokimyəvi məhsulların satışı.
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.
“ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbuluASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
Azərbaycanda COVİD-19-a yoluxanların ümumi sayı 1592 nəfər təşkil edir. 21 nəfər vəfat edib, 1013 nəfər sağalıb. Hazırda 558 nəfər xüsusi rejimli xəstəxanalardadır. **
A.Əzizov