Hazırda Azərbaycanda COVİD-19 koronavirusa yoluxanların 64%-i sağalıb. Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
“Son iki həftə ərzində sağalanların sayında artım müşahidə edirik. Bu günə yoluxanların 64%-i sağalıb”, - Qasımov bu gün brifinqdə bildirib.
Öz növbəsində, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı brifinqdə qeyd edib ki, koronavirusa yoluxanların 52,1%-i Bakı sakinləridir.
Bayramlı vurğulayıb ki, ölkə üzrə virusa yoluxanların 22%-i 50-59, 18%-i 30-39, 16%-i 40-49, 13%-i 60-69, 5%-i 9 yaşadək, 6%-i 10-19, 6%-i yaşı 70-dən yuxarı olan şəxslərdir.
"Hazırda 558 nəfər koronavirusdan müalicə alır. Onlardan 20 nəfəri reanimasiyadadır. Həmin şəxslərdən 7 nəfər süni nəfəs aparatına qoşulub", - Bayramlı əlavə edib.
Azərbaycanda COVİD-19-a yoluxanların ümumi sayı 1592 nəfər təşkil edir. 21 nəfər vəfat edib, 1013 nəfər sağalıb. **
A.Əzizov