Azərbaycanın gömrük orqanları İranla sərhəddə 12 kq-a yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qaşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn yük avtomobili saxlanılıb. Sürücü Azərbaycan vətəndaşı İlkin Dünyamalıyev üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin kabinə və qoşqusunun ətraflarına reaksiya verib. Nəqliyyat vasitəsi əsaslı yoxlanılarkən kabinədə narkotik vasitə və psixotrop preparatlar aşkar edilib”, - məlumatda vurğulanır.
Daha sonra yük avtomobilinin qoşqusu yoxlanılıb. Bu zaman isə qoşquda olan paletlərə yığılmış "alçipan" yükünün ön hissəsində - paletlər ilə qoşqunun ön divarı arasındakı boşluqda 7 ədəd müxtəlif ölçülü bağlamalar aşkar olunub. Nəhayət, həmin bağlamalara baxış nəticəsində ümumi çəkisi 8 kiloqram 557 qram təşkil edən heroin və ümumi çəkisi 3 kiloqram 241 qram təşkil edən psixotrop maddə aşkara çıxarılıb.
“Faktla bağlı araşdırma aparılır”, - DGK-dan qeyd olunur. **
A.Əzizov