Prezident İlham Əliyev Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov