Rusiya və Azərbaycan bir çox digər ölkələrlə müqayisədə koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə daha effektiv mübarizə aparır. Bu sözləri rusiyalı politoloq və "Siyasi Araşdırmalar İnstitutu" MMC-nin baş direktoru Sergey Markov deyib.
"Ölkələrimizin hökumətləri kifayət qədər tez və ciddi tədbirlər gördülər. Onlar xüsusilə koronavirusun daha çox yayıldığı ölkələrlə sərhədləri bağladılar. Rusiya Çinlə, Azərbaycan isə İranla sərhədi bağladı. Biz koronavirusun ilk dalğasının qarşısını almağa, virusun ölkələrimizin ərazisinə keçməsinə imkan verməməyə nail olduq", - deyə Markov bu gün "Rusiya-Azərbaycan: postepidemioloji və enerji böhranından birgə çıxış yolları" mövzusunda keçirilən onlayn konfransda bildirib.
Markov, həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan özünütəcridlə bağlı karantin tədbirlərini uğurla tətbiq ediblər. "Bu, koronavirusdan ölənlərin sayı baxımından digər ölkələrlə müqayisədə vəziyyətin yaxşılaşmasının əsas səbəbidir. Rusiya FHN prezident Vladimir Putinin sərəncamı ilə əhalisinin sayı bir milyonu ötən şəhərlərin yaxınlığında 16 iri epidemioloji hospitalın tikintisi üçün tədbirlər görüb. Kommunarkdakı hospital artıq fəaliyyət göstərir, qalanları isə yaxın günlərdə işə salınmalıdır ki, bu da epidemiya zamanı çarpayı fondunun əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq", - deyə Markov vurğulayıb.
Bununla yanaşı, politoloq bildirib ki, Rusiya və Azərbaycanda koronavirusdan ölənlərin sayının bu qədər az olmasının səbəbi erkən uşaqlıq dövründə vərəm əleyhinə peyvəndləməyə sadiqlikdir.
O əlavə edib ki, Azərbaycan və Rusiyanın kənd təsərrüfatı məhsulları istehsal edən ölkələr olduğunu nəzərə alsaq, bu, dünyada sözügedən sahəyə yüksək tələbatın olması ilə əlaqədar böhrandan sonrakı dövrdə iki ölkənin iqtisadiyyatının artmasına müsbət təsir göstərə bilər.*
X.Nəsirzadə