Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Qitanas Nauseda arasında videobağlantı formatında aparılan danışıqlar zamanı koronavirus pandemiyası başa çatdıqdan sonra iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
“Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd ediblər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildiriblər”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Tərəflər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq məsələlərini və Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısını müzakirə ediblər.
İ.Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının sonuncu iclası 2017-ci ilin oktyabr ayında Vilnüsdə keçirilib.*
X.Nəsirzadə