Azərbaycan hökuməti koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının məhdudlaşdırılması müddətini 2020-ci ilin iyul ayınadək uzadıb.
“Steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatların Azərbaycan Respublikasının ərazisindən aparılmasına qoyulan məhdudiyyət mayın 1-dən iyulun 1-dək uzadılıb”, - deyə Nazirlər Kabinetinin qərarında bildirilir.
Bu məhdudiyyət koronavirus infeksiyasının dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması hallarının aşkar edilməsi səbəbindən Nazirlər Kabineti tərəfindən 2020-ci il fevralın 14-də tətbiq edilib.*