“Kapital Bank” ASC-nin səhmdarları iyunun 2-də keçiriləcək növbəti yığıncaqda 2019-cu ilin yekunları üzrə dividendlərin ödənilməsi məsələsini müzakirə edəcəklər.
“İyunun 2-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda 2019-cu ilin yekunları üzrə dividendlərin ödənilməsi ilə bağlı məsələlər müzakirə olunacaq”, - bankdan “İnterfaks-Azərbaycan”a məlumat verilib.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə əlaqədar məsələləri müzakirə edəcəklər.
Xəbər verildiyi kimi, “Kapital Bank” 2019-cu ili 134 milyon 708 min manat məbləğində xalis mənfəətlə başa vurub.
Bank 2018-ci ilin yekunları üzrə səhmdarlara ümumilikdə 91 milyon 625 min manat məbləğində dividend ödəyib. 2018-ci ilin yekunları üzrə dividendlərin məbləği hər bir səhmə görə 6,01 manat təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%). Bankın nizamnamə kapitalı 185,85 milyon manata bərabərdir və hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd səhmə bölünüb.**
A.Əzizov