Hazırda Azərbacanda COVİD-19 koronavirus səbəbindən 2 minə yaxın şəxs karantindədir, bu rəqəm azalır. Bunu prezident İlham Əliyev deyib.
“Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir”, - Əliyev bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfrans zamanı bildirib.
İ.Əliyev qeyd edib ki, artıq iki həftədir ki, Azərbaycanda müsbət dinamika var: sağalanların sayı yoluxanların sayından artıqdır.
“Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq”, - prezident bildirib.
Əliyev qeyd edib ki, koronavirusun Azərbaycan iqtisadiyyatına təsiri əlbəttə ki, mənfi olacaq. “Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilib. bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcək”, - o bildirib.
Prezident əlavə edib ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladı. “Hesab edirəm ki, biz bu qərarı vaxtında verdik və beləliklə, zaman udmuş olduq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir.İlk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu”, - Əliyev deyib.
Azərbaycanda COVİD-19 koronavirusa yoluxanların ümumi sayı 1717 nəfərə çatıb, 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib. Hazırda 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. **
A.Əzizov