“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) pandemiyası və neftin qiymətinin ucuz olması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM-nin 6,6% səviyyəsində azalacağını proqnozlaşdırır.
"Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda iqtisadi artım perspektivlərinin pisləşməsinə səbəb olacaq, COVİD-19 pandemiyası nəticəsində iqtisadi fəallığın azalması isə qısamüddətli perspektivdə iqtisadi artım perspektivlərinə əlavə təzyiq göstərəcək. Biz 2020-ci ildə ÜDM-nin 6,6% azalacağını, 2021-ci il ərzində isə 2,6% artacağını gözləyirik", - deyə agentlik Azərbaycan banklarının qiymətləndirilməsində qeyd edir.
Bununla yanaşı, S&P pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirməyin çətin olduğunu vurğulayır. "Bərpa templəri iqtisadiyyatın və ev təsərrüfatlarının dəstəklənməsinə yönəlmiş siyasi tədbirlərdən asılı olacaq", - deyə agentlik bildirir.
S&P neft qiymətlərinin dəyişkənliyi fonunda milli valyutanın məzənnəsinə təzyiqin artdığını qeyd edir.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templərinə dair yeni proqnoz dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov