Türkiyənin "STAR" neft emalı zavodunun (NEZ) rezervuarları təxminən 90% doldurulub. Bu barədə zavodun baş direktoru Mesut İlter məlumat verib.
“STAR” NEZ-in neft saxlama rezervuarlarının ümumi gücü 3 milyon barrel təşkil edir. Deyə bilərəm ki, aprel ayı da daxil olmaqla, zavodun rezervuar gücünün doluluq səviyyəsi 90%-ə çatdırılıb", - deyə M.İlter Türkiyə KİV-nə müsahibəsində bildirib.
O xatırladıb ki, hazırda zavodun neft saxlama gücünün daha 1,5 milyon barrel artırılması üzrə işlər aparılır ki, bu da nəticə etibarilə bu göstəricini 4,5 milyon barrelə çatdırmağa imkan verəcək.
İlter, həmçinin qeyd edib ki, orta və uzunmüddətli perspektivdə neftin qiymətinin bahalaşacağını gözləyir, lakin vəziyyətin inkişafı COVİD-19-dan asılıdır.
"Məlum olduğu kimi, OPEK+ ölkələri 2020-ci il mayın 1-dən iyunun 30-dək neft hasilatının 9,7 milyon barrel azaldılmasına dair razılığa gəlib. Hesab edirəm ki, neftin qiyməti koronavirusla bağlı vəziyyətin inkişafından asılı olaraq formalaşacaq, pandemiya davam edərsə, qiymətlərin bərpası da uzun çəkə bilər. Mənim fərziyyələrimə görə, biz orta və uzunmüddətli perspektivdə qiymət artımını görəcəyik. Lakin bu artım sürətlə baş verməyəcək. 3 aylıq dövrdə qiymətlər 1 barrel üçün $15-20, 6 aylıq dövrdə $20-25, 9 aylıq dövrdə $25-30, 1 illik dövrdə isə $30-35 aralığında ola bilər", - deyə baş direktor vurğulayıb.
O, həmçinin vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə neftin qiymətinin bahalaşacağı ilə bağlı proqnozlar əsas götürülməklə və sərbəst güclərin səviyyəsi nəzərə alınmaqla milli ehtiyatların artırılması üçün son dərəcə ucuzlaşmış neftin əlavə idxalını məntiqli hesab edir.
M.İlter deyib ki, Türkiyənin xam neftin saxlanması üzrə cari gücləri təxminən 30 milyon barrel təşkil edir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavod “Petkim” neft-kimya kompleksini xammalla təmin edir və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
SOCAR “STAR” NEZ-in tikintisi layihəsinə $6,3 milyard sərmayə qoyub və onun fəaliyyətindən illik $500 milyon gəlir əldə edəcək.*
N.Abbasova