SOCAR şirkəti 2020-ci ilin may-iyun aylarında Azərbaycanın OPEC+ üzrə öhdəliyi çərçivəsində neft hasilatını gündəlik 17 min barrel – 100 min barrelədək azaldacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“Azərbaycan OPEC+ iştirakçısı kimi görüşdə iştirak etmiş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb. Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb. Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin edilməsi Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR şirkətinə həvalə olunub”, - şirkətdən bildirilir.
Məlumata görə, 2020-ci ilin may-iyun aylarında şirkət kondensat nəzərə alınmadan hasilatı gündəlik 17 min barrel – 100 min barrelədək, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azəri-Çıraq-Günəşli blokundan gündəlik 76 min barrel, digər əməliyyat şirkətləri – gündəlik 3 min barrel azaldacaqlar.
Tərtib olunan proqrama əsasən, 2020-ci ilin iyul-dekabr aylarında SOCAR üzrə neft hasilatı gündəlik 5 min barrel –105 min barrelədək, 2021-ci ildən etibarən daha gündəlik 6 min barrel –111 min barrelədək artırılacaq.
2020-ci ilin iyul-dekabr aylarında ABƏŞ hasilatı gündəlik 27 min barrel, 2021-ci ildən etibarən daha 26 min barrelədək artıracaq. Beləliklə, 2021-ci ildə AÇG bloku üzrə gündəlik neft hasilatı 487 min barrel səviyyəsində proqnozlaşdırılır.
Digər əməliyyat şirkətləri 2020-ci ilin iyul-dekabr aylarında hasilatı gündəlik 1 min barrel, 2021-ci ildən etibarən – daha 1 min barrel artıracaqlar.
Beləliklə, 2020-ci ilin may-dekabr aylarında OPEC+ öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində Azərbaycanda neft hasilatı 17,4 milyon barrel – 141,8 milyon barrelədək azalacaq. **
N.Abbasova