Azərbaycan “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
“Azərbaycan bu gündən etibarən “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.Hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb”, - deyə o bildirib.
Z.Əliyeva xatırladıb ki, 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının “Azneft” İB üzrə 125 min barel, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli” bloku üzrə 567 min barel, birgə müəssisələr və əməliyyat şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilat bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-aprel aylarında isə 14% azaldılacaq.
Xəbər verildiyi kimi, 2020-ci ilin may-iyun aylarında SOCAR gündəlik hasilatı (kondensat nəzərə alınmadan) 17 min barel - 100 min barelədək, ABƏŞ AÇG bloku üzrə 76 min barel, qalan əməliyyat şirkətləri isə 3 min barel azaldacaq.
Cari ilin iyul-dekabr aylarında SOCAR üzrə gündəlik neft hasilatı 5 min barel - 100 min bareldən 105 min barelədək, 2021-ci ildə isə 6 min barel - 111 min barelədək artırılacaq.
ABƏŞ 2020-ci ilin iyul-dekabr aylarında hasilatı 27 min barel, 2021-ci ildən 26 min barel artıracaq. Beləliklə, 2021-ci ildə AÇG bloku üzrə gündəlik neft hasilatı 487 min barel səviyyəsində proqnozlaşdırılır.
Qalan əməliyyat şirkətləri 2020-ci ilin iyul-dekabr aylarında hasilatı 1 min barel, 2021-ci ildən isə daha 1 min barel artıracaq.
Beləliklə, OPEC+ üzrə öhdəliklərin icrası çərçivəsində cari ilin may-dekabr aylarında Azərbaycanda neft hasilatı 17,4 milyon barel - 141,8 milyon barelədək azalacaq. 2021-ci ildə ölkədə hasilat 30,7 milyon ton və ya 226,3 milyon barel həcmində proqnozlaşdırılır.
OPEC və qeyri-OPEC ölkələri 2020-ci il aprelin 12-də keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək kollektiv şəkildə 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.*
N.Abbasova