Neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması ilə bağlı öhdəliklərin icrası neftin qiymətinə müsbət təsir göstərəcək. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 milyon barel, 2020-ci ildə isə 10,3 milyon barel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə “OPEC plus” ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”, - deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
“Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır”, - deyə P.Şahbazov əlavə edib.
OPEC və qeyri-OPEC ölkələri 2020-ci il aprelin 12-də keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək kollektiv şəkildə 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.*
N.Abbasova