Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin aprel ayında valyuta hərraclarında $531,1 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin mart ayında valyuta hərraclarında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, aprel ayında xarici valyuta satışının həcmi mart ayı ilə müqayisədə 3,6 dəfə azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-aprel aylarında ARDNF valyuta hərraclarında $3 milyard 303 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 67,2% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Dünya bazarında neftin ucuzlaşması fonunda martın 10-dan etibarən Azərbaycanda xarici valyutaya tələb artıb.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).**
A.Əzizov