Son aylar inflyasiya artım templərinin sürətlənməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankı əvvəlki kimi 2020-ci ildə inflyasiyanı 4±2% səviyyəsində proqnozlaşdırır. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Son aylar inflyasiyanın bir qədər sürətlənməsini müşahidə edirik. Statistik məlumatlara əsasən, marta orta illik inflyasiya 3,3% təşkil edib. Eyni zamanda, ərzaq malları üzxrə artım 6%, qeyri-ərzaq malları və xidmətlər üzrə - 1,2% təşkil edib. Bir qədər artıma baxmayaraq, AMB əvvəl olduğu kimi, 2020-ci ildə inflyasiyanı 4±2% səviyyəsində proqnozlaşdırır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ərzaq malları üzrə inflyasiyanın artımı karantin rejimi ilə əlaqədar tələbatın qısamüddətli artımı, həmçinin istehsal və nəqliyyata xərclərin lokal artımı ilə izah olunur.
“Real sektorun monitorinqinə əsasən, tikinti sektorunda inflyasiya gözləntiləri dəyişilməz qalıb, ticarətdə - azalıb, qeyri-neft sektoru və xidmətlər sahəsində isə artıb. Rəyimizə görə, ev təsərrüfatları arasında inflyasiya gözləntilərinin artımı müvəqqəti xarakter daşıyır”, - Rüstəmov əlavə edib.
Azərbaycan hökuməti 2020-ci ildə orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib. **
Ə.Məmmədov