Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının kəsirini ÜDM-in 3% səviyyəsində olacağını gözləyir. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“Neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən ixrac həcminin mühüm dərəcədə azalmasını gözləyirik. Digər tərəfdən, koronavirusla əlaqədar vəziyyət tələbi azaldır, bu da idxalın müəyyən azalması deməkdir. Bütün bu məqamları nəzərə alaraq, hesab edirik ki, ilin sonunda tədiyə balansının ÜDM-in 3% səviyyəsində kəsiri ola bilər”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2020-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini 2,5 milyard dollar və ya ÜDM-in 5,2% səviyyəsində proqnozlaşdırırdı.
2019-cu il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 mlrd. 364,9 mln. təşkil edib və ya ÜDM-in 9,1%-nə bərabər olub. **
Ə.Məmmədov