Azərbaycan prezidenti İlham Əliyev prokurorluq orqanlarında islahatlara ehtiyac olduğunu qeyd edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük.Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”, - İlham Əliyev Baş prokuror Kamran Əliyev ilə videokonfrans zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkədə aparılan islahatlar şəraitində hüquq mühafizə orqanlarının təkmilləşdirilməsi, burada genişmiqyaslı islahatların aparılması zəruridir. Onun sözlərinə görə, ilk növbədə, qanunun aliliyi tam təmin edilməlidir.
“Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşməlidir və qanunun aliliyi təmin edilməlidir”, - İ.Əliyev vurğulayıb. **
Ə.Məmmədov