Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə hökumət və hüquq mühafizə orqanları qarşısında duran vacib vəzifələrdən biri olaraq qalır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim.Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları, bir sıra vəzifəli şəxslər həbs ediliblər. Qanun qarşısında hamı bərabərdir. Biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq”, - Əliyev cümə günü yeni Baş prokuror Kamran Əliyev ilə videokonfrans zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, korrupsiya halları təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar var. Onun sözlərinə görə, belə siqnallar var və bu siqnallar araşdırılır.
“Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin”, - İ.Əliyev vurğulayıb. **
Ə.Məmmədov