Azərbaycan sərhədçiləri İranla sərhəddən 42,7 kq narkotik vasitənin qeyri-qanuni yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.
1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlanıb.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb", - deyə məlumatda bildirilir.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.
"Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.*
N.Abbasova