Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Müdafiə naziri vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb. O, bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb", - deyə məlumatda bildirilir.
Z.Həsənov hərbi qulluqçuların sağlamlığına tibbi nəzarətin gücləndirilməsi və onların təhlükəsizliyinin təmin olunması barədə müvafiq tapşırıqlar verib.
Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. "O, ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verib", - deyə məlumatda qeyd olunur.*
N.Abbasova