"Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtını uzadıb. Bu barədə ADY-nin məlumatında deyilir.
“Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb”, - deyə məlumatda bildirilir.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.
"Odur ki, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq ediləcək", - deyə məlumatda qeyd olunur.
Elektrik qatarlarının Abşeron dairəvi dəmir yolu xətti üzrə hazırkı qrafiklə hərəkəti davam edəcək. Məqsəd karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkilidir.*
N.Abbasova