Prezident İlham Əliyev son 3 həftə ərzində Azərbacanda COVİD-19 koronavirusun yayılması ilə əlaqədar müsbət dinamikanı qeyd edir.
“Həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir”, - İ.Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bazar ertəsi videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır.
COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərib.
Əliyev qeyd edib ki, pandemiyanın ilk günlərindən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır. “Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib”, - o qeyd edib.
Prezident bildirib ki, Azərbaycanda testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib.
O əlavə edib ki, Azərbaycan koronavirusla mübarizə sahəsində öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazırdır.
“Azərbaycanda xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçiriləcək. Bundan əlavə, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri tətbiq ediləcək”, - prezident qeyd edib. **
A.Əzizov