Qoşulmama Hərəkatı üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupu yaradılacaq. Bu barədə Qoşulmama Hərəkatının Təmas Qrupunun bazar ertəsi Bakıda keçirilən Zirvə görüşünün bəyannaməsində deyilir.
“Məlumat bazası sədrlik tərəfindən mümkün dəstək və köməklik üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına,sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq”, - sənəddə qeyd olunur.
Qoşulmama Hərəkatı üzv dövlətləri bəşəriyyət üçün ciddi problem olan və birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq, həmçinin COVID-19 pandemiyasına mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə tam dəstək ifadə ediblər.
“Həmçinin, Qoşulmama Hərəkatı koronavirus səbəbindən getdikcə artan problemlərə beynəlxalq ictimaiyyətin səmərəli cavabını təmin etmək məqsədilə məsləhət, təlim, avadanlıq və insan həyatını xilas edən xidmətlər də daxil olmaqla ön xəttdə hazırda oynadığı kritik rol və rəhbərliyi tanıyaraq ÜST və onun rəhbərliyinə tam dəstək ifadə edir”, -sənəddə qeyd olunur.
Bundan əlavə, Qoşulmama Hərəkatı üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə koronavirusa qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlığı möhkəmləndirməyə çağırıb. **
N.Abbasova