«PAŞA Bank» 2020-ci ildə kredit portfelini 2,2 milyard manata qədər artımağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.
2019-cu ilin yekunları üzrə bankın kredit portfeli 1,8 milyard manat təşkil edib. Beləliklə, “PAŞA Bank" 2020-ci ildə kredit portfelini 22% artırmağı nəzərdə tutur.
"Cari il üçün strategiyamıza uyğun olaraq kredit portfelimizi 2,2 milyard manata qədər artırmağı planlaşdırırıq. Hesab edirəm ki, bu məqsədə çatmaq üçün bütün imkanlarımız var. Karantin başa çatdıqdan sonra ölkədə biznesin bərpa olunacağını nəzərə alsaq, iqtisadiyyatın canlanmasında bankların rolu çox vacib olacaq, çünki biznesin dövriyyəsi üçün vəsait lazım olacaq", - deyə Kazımov bu gün onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin yekunları üzrə "PAŞA Bank" 80-90 milyon manat məbləğində xalis mənfəət (2019-cu illə müqayisədə artım 23-38%) əldə etməyi planlaşdırır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci iri bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə