"PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov hesab edir ki, hazırda Azərbaycanda milli valyutanın devalvasiyası üçün zəmin yoxdur.
"Biz kifayət qədər valyuta ehtiyatlarına malikik, buna görə devalvasiya üçün heç bir səbəb yoxdur. Həm monetar, həm də fiskal siyasət baxımından Azərbaycan hökumətinin dəqiq planı var və bu plan çərçivəsində iqtisadiyyatın sabitləşdirilməsi üzrə addımlar atılır", - deyə Kazımov bu gün onlayn mətbuat konfransında bildirib.
Bundan başqa, onun fikrincə, son illər bank sektorunda yaxşılaşma müşahidə olunur.
Jurnalistlərin karantin rejimi ilə əlaqədar bazarda yaranmış vəziyyətlə bağlı suallarını cavablandıran Kazımov qeyd edib ki, müəyyən itkilər qaçılmaz olacaq və bu səbəbdən banklar öz müştərilərinə kreditlərin ödənilməsi üçün güzəştlər şəklində loyallıq nümayiş etdirməlidir ki, bu da bankların likvidliyinə təsir göstərəcək.
"Azərbaycan Banklar Assosiasiyası ilə aparılan danışıqlar nəticəsində Mərkəzi Bank banklara dəstək vermək niyyətindədir. Ötən həftə bank sektoru üçün ehtiyatların hesablanması şəklində güzəştlər tətbiq edilib ki, bu da bütün bankların mənfəətinə və kapital adekvatlığına müsbət təsir göstərəcək", - deyə sədr vurğulayıb.
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev isə əlavə edib ki, Mərkəzi Bank bank sektoruna dəstək çərçivəsində mümkün olan hər şeyi edir. O, REPO əməliyyatlarının keçirilməsinin aktivləşdirilməsini xüsusi olaraq diqqətə çatdırıb və qeyd edib ki, bu, likvidliyin təmin edilməsinə imkan verəcək. "Həmçinin Mərkəzi Bank REPO əməliyyatlarında öz qiymətli kağızları ilə yanaşı, Maliyyə Nazirliyinin qiymətli kağızlarını da əlavə edib", - deyə Nağıyev bildirib.*
X.Nəsirzadə