Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən öldürülmüş Qəhrəman İbrahimovun nəşi bu gün Azərbaycan tərəfinə təhvil veriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Q.İbrahimovun nəşi bu gün Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycana göndərilib. Vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Respublikasının Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək. Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq edilməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfi ciddi narahatlıq bildirib və XİN Qazaxıstana nota verib.*
X.Nəsirzadə