Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Xəstəliklərə nəzarət və profilaktika şöbəsinin (TƏBİB) müdiri Yaqut Qarayeva məlumat verib.
"Bu gün Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub. Eyni zamanda, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə o, bu gün brifinqdə bildirib.
Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib.
Y.Qarayevanın sözlərinə görə, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
O qeyd edib ki, müsbət dinamika itirilir. "Lakin bu, bizim üçün gözlənilməz olmadı, çünki karantin rejiminin yumşaldılması ilə əlaqədar yoluxmaların sayının artacağını əvvəlcədən gözləyirdik", - deyə şöbə müdiri bildirib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164,481 min test aparılıb.*
B.Rüstəmbəyov