“Yelo Bank” vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunan iki əməkdaşı işdən azad edib, bu barədə Azərbaycanın dövlət orqanlarını məlumatlandırıb. Bu barədə bankın iki sabiq əməkdaşın cinayət məsuliyyətinə cəlb edilməsinə dair bəyanatında qeyd olunur.
“2020-ci ilin martın 17-də “Yelo Bank”ın müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb. Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib”, - bankın bəyanatında deyilir.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia: "Sevindiricidir ki, tərəfimizdən göndərilən məlumatlar hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılmasına kömək edib və inanırıq ki, onlar qanun çərçivəsində layiqli cəzasını alacaq. Biz həm də əməkdaşlıq çərçivəsində məlumatların hüquq-mühafizə orqanlarına ötürdüyü üçün Maliyyə Monitorinqi Xidmətinə minnatdarıq. “Yelo Bank”ın dəyərləri şəffaflığa əsaslanır ki, bu da bizim fəaliyyətimizin əsasıdır. Vəzifəsindən asılı olmayaraq, istənilən əməkdaşlarımız tərəfindən yol verilən qanun pozuntusu bağışlana bilməz. Baş verənlərdən banka heç bir maddi zərər dəyməyib. Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm. Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi. Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram".
Xəbər verildiyi kimi, AzərbaycanRespublikasınınBaş Prokurorluğu tərəfindən“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunan iki əməkdaşı barəsində cinayət işi açılıb.
Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsi ilə məşğul olduqları müəyyən edilib. Şükür Həsənov və Babək İbrahimli 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatları həyata keçiriblər. Həsənov və İbrahimli barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. **
A.Əzizov