Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev təyin edilib”, - məlumatda deyilir.
A.Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisindeputatı seçilib. Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavinidir.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
Sərəncama əsasən, Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikasının baş naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, maliyyə naziri, iqtisadiyyat naziri və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri daxil edilib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova