Azərbaycan mənzil-qərargahı Bakı şəhərində yerləşməklə Türkdilli Dövlətlərin Birgə İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Bu təklifi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri ilə videokonfransda irəli sürüb.
Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Konfrans zamanı Cabbarov həmçinin buir neçə təşəbbüs irəli sürüb.
Xüsusilə, nazir elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini, Türk Ticarət Evinin yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmağı, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanmasını təklif edib.
O cümlədən, nazir yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.
M.Cabbarov Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib. **
B.Rüstəmbəyov