1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılır. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında deyilir.
“Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 1 iyun tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.
2016-cı il martın 1-dən 2020-ci il dekabrın 4-dək sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz ADİF tərəfindən müəyyən edilmiş limiti keçməməlidir.
Fondun qərarına müvafiq olaraq 2020-ci il iyunun 1-dən etibarən əhalinin milli valyutada illik faiz dərəcəsi 12%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmayacaq.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov